Kiberhücumun hədəfi bu dəfə Avstriya Xarici İşlər Nazirliyi oldu. Nazirliyin son günlərdə verdiyi açıqlamalarda saytlarından birinin hakerlər tərəfindən pozulduğu və Vyanadakı mərkəzdə, eləcə də xaricdəki nümayəndəliklərdə çalışanların adlarına və rəsmi əlaqə məlumatlarına çıxış əldə edildiyi bildirildi.
Pozuntu noyabrın 12-dən 13-dək baş verib və nazirliyin kənar xidmət təchizatçısı tərəfindən idarə olunan saytına təsir edib. İctimai yayımçı ORF-un cümə günü verdiyi məlumata görə, nazirlik hadisənin nəzarətə alındığını bildirib.
Əhaliyə aid məlumatlar ələ keçirilməyib
Nazirlik əhaliyə aid şəxsi məlumatların ələ keçirilmədiyini bildirir. Lakin hücumçuların sayta hansı yolla daxil olduğu və məlumat oğurlayıb-oğurlamadıqları hələ dəqiqləşməyib. Hücumçular da müəyyən edilməyib. Sözçü Recorded Future News-a verdiyi açıqlamada təhlükəsizlik səbəbindən konkret texniki boşluqları və ya təhlükəsizlik tədbirlərini paylaşmayacaqlarını deyib və hadisənin heç bir aktora aid edilmədiyini əlavə edib.
Nazirlik hadisəni "çox ciddi qəbul etdiyini" və Avstriyanın kibertəhlükəsizlik və məlumatların mühafizəsi orqanlarını məlumatlandırdığını açıqlayıb.
Microsoft-un fasiləsi ilə eyni dövrə təsadüf etdi
Hücum Microsoft-un dünya miqyasında baş verən və təxminən 24 saat davam edən xidmət fasiləsi ilə eyni dövrə təsadüf etdi. Microsoft fasiləni proqram xətası və infrastruktur nasazlıqları ilə izah etdi. Avstriya səlahiyyətliləri iki hadisə arasında əlaqə olub-olmadığını hələ müəyyən etməyib.
Nazirlik əvvəllər də Moskva ilə əlaqəli olduğu güman edilən dövlət dəstəkli hakerlərin hədəfi olmuşdu. 2019-un sonu və 2020-nin əvvəlində həftələrlə davam edən kiberhücum yaşanmış, Avstriya Milli Təhlükəsizlik Şurası bunu hədəfli kəşfiyyat məlumatı toplama əməliyyatı kimi səciyyələndirmişdi. Vyana bu hücumu 2026-cı ilin iyulunda Rusiyaya aid etmişdi.
Yeni pozuntu Avstriya ilə Rusiya arasında diplomatik münasibətlərin pisləşdiyi bir dövrdə baş verdi. Oktyabrda Vyana dörd rus diplomatı arzuolunmaz şəxs elan etdi; beləliklə, 2020-ci ildən bəri Avstriyanın bu statusda elan etdiyi rus diplomatik heyətinin sayı 18-ə çatdı. Keçən həftə Rusiyanın Kiyevdəki Avstriya səfirliyinə PUA hücumu təşkil etməsi gərginliyi artırdı. Xarici işlər naziri Beate Meinl-Reisinger Vyanadakı rus səfirini çağıraraq hücuma etiraz etdi.
Son kiberhücumu Rusiyaya bağlayan ictimaiyyətə açıq sübut yoxdur. Moskva Avropa ölkələrinə qarşı kiberhücumlarda iştirak etdiyi iddialarını dəfələrlə rədd edib.