Mündəricat
Süni intellekt dünyasında tarazlığı dəyişən şirkətlərdən biri fond birjasına çıxması ilə öz işçiləri üçün də sanki sərvət qapısını açdı. Claude modelinin tərtibatçısı Anthropic-in səhmlərinin ilkin açıq yerləşdirilməsindən sonra təxminən 5 min 100 işçi milyonçu olarkən, 600-ə yaxın nəfərin səhm sərvəti 100 milyon dolları keçdi.
Süni intellekt sektorunun sürətlə böyüyən şirkətlərindən Anthropic 19 noyabr 2026-cı ildə Nyu-Yorkdakı Nasdaq birjasında ticarətə başladı. "ANT" kodu ilə birjaya daxil olan şirkət ilk ticarət gününün sonunda 1,76 trilyon dollarlıq bazar dəyərinə çatdı. Şirkətin ilkin açıq yerləşdirmə qiymətini bir səhm üçün 83 dollar təyin etməsi işçilərin sahib olduğu səhmlərin dəyərində də böyük sıçrayış yaratdı.
Tənzimləyici qurumlara təqdim olunan sənədlərə görə, Anthropic-in 2026-cı ilin sentyabr ayı etibarilə 5 min 300 işçisi var idi. Özəl şirkət səhmlərini izləyən Hill platformasının məlumatları ilkin açıq yerləşdirmədən sonra işçilərin demək olar ki, hamısının ciddi sərvətə qovuşduğunu ortaya qoydu.
Şirkət daxilində "Qarışqalar" (Ants) adlandırılan işçilərdən təxminən 5 min 100-ünün, yəni heyətin 96 faizinin 1 milyon dollardan çox səhm sərvətinə sahib olduğu hesablandı. Təxminən 2 min 800 işçinin səhmlərinin dəyəri 10 milyon dolları keçərkən, 600-ə yaxın işçi 100 milyon dollardan çox sərvətə çataraq "super milyonçu" adlandırılan qrupa qoşuldu.
2021-DƏ QURULDU, İŞÇİLƏRİNİ MİLYONÇU ETDİ
CEO-su Dario Amodei olan Anthropic 2021-ci ildə quruldu. Şirkətin bu qədər qısa müddətdə çatdığı miqyas texnologiya startaplarının işçilərinə səhm vasitəsilə təklif etdiyi qazanc imkanlarını yenidən gündəmə gətirdi.
Belə ki, Anthropic 2024-cü ilin sonunda hələ min işçi həddinə çatmamışdı. Şirkətin bir neçə il ərzində minlərlə nəfərlik heyətə və trilyon dollarlıq bazar dəyərinə çatması Silikon vadisindəki ən diqqətçəkən böyümə hekayələrindən birinə çevrildi.
Hill platformasının qurucusu və CEO-su Andrew Benson cümə axşamı CNN-ə verdiyi qiymətləndirmədə Anthropic işçilərinin sərvətindəki artımın sürətinə diqqət çəkdi. Şirkətdə işdən ayrılma səviyyəsinin xeyli aşağı olduğunu bildirən Benson ən təəccüblü məqamın bu sərvətin nə qədər qısa müddətdə yaranması olduğunu söylədi.
Benson Anthropic-in sürətlə yüksəldiyinin uzun müddətdir görüldüyünü və işçilərin şirkətdən ayrıldıqları təqdirdə əldən verə biləcəkləri imkanın fərqində olduqlarını ifadə etdi.
ŞİRKƏTƏ ERKƏN GƏLƏNLƏR DAHA ÇOX QAZANDI
Anthropic-in ilkin açıq yerləşdirməsi ilə ortaya çıxan sərvət bölgüsündə diqqət çəkən digər təfərrüat şirkətə qoşulma tarixi oldu. Silikon vadisindəki bir çox startapda olduğu kimi Anthropic-də də işçilərə maaşla yanaşı şirkət səhmləri verildi. Bu model şirkətin gələcəkdə böyüməsi və ya açıq şirkətə çevrilməsi halında işçilərə səhmlərini yüksək dəyərlərlə nağdlaşdırmaq imkanı verir.
Lakin ortaya çıxan qazancda yalnız vəzifə adı və ya şirkət daxilindəki staj həlledici olmadı. Benson-a görə şirkətə 2023 və ya 2024-cü illərdə qoşulmuş daha aşağı vəzifədəki işçi 2026-cı ilin əvvəllərində işə götürülmüş yüksək səviyyəli rəhbərdən xeyli çox səhm qazancı əldə etmiş ola bilər.
Bu vəziyyət texnologiya şirkətlərində erkən mərhələdə işə girməyin maliyyə baxımından nə qədər böyük üstünlük təmin edə biləcəyini bir daha göstərdi.
ANTHROPIC SPACEX-İN İLKİN AÇIQ YERLƏŞDİRMƏSİNİ DƏ ARXADA QOYDU
Anthropic-in işçilərinə təmin etdiyi sərvət artımı daha əvvəl oxşar inkişafla gündəmə gələn SpaceX-in ilkin açıq yerləşdirməsi ilə də müqayisə olunur.
İyun ayında səs-küy yaradan ilkin açıq yerləşdirməni həyata keçirən SpaceX iyirmi ildən çox müddət özəl şirkət kimi fəaliyyət göstərmişdi. Təxminən 22 min nəfərlik işçi heyətindən 4 min 400-ü şirkətin açıq şirkətə çevrilməsi ilə milyonçu olmuşdu.
Anthropic isə yalnız 2021-ci ildə qurulmasına baxmayaraq, işçilərinin demək olar ki, hamısını milyonçular sırasına çıxaran mənzərə ortaya qoydu.
İŞÇİLƏR İLK GÜNDƏN SƏHMLƏRİNİ SATA BİLDİ
Anthropic-in ilkin açıq yerləşdirməsini digər iri birja çıxışlarından fərqləndirən mühüm xüsusiyyətlərdən biri də işçilərə təklif olunan səhm satışı imkanı oldu.
Ənənəvi ilkin açıq yerləşdirmələrdə şirkət işçiləri və qurucu olmayan investorlar adətən üç ilə altı ay ərzində səhmlərini satmağa mane olan gözləmə müddətinə tabe tutulur. Bu tətbiq bazara çoxlu sayda səhmin eyni anda çıxarılmasının qarşısını almağı hədəfləyir.
Anthropic isə fərqli üsul seçdi. Şirkətin birjaya çıxması ilə birlikdə qurucu olmayan şirkətdaxili investorlara əllərindəki səhmlərin 10 faizinə qədərini ilk ticarət gündən etibarən nağdlaşdırmağa imkan verən mərhələli cədvəl tətbiq olundu.
Bu imkandan cümə axşamı neçə işçinin yararlandığı isə hələ açıqlanmayıb. Buna baxmayaraq, tətbiq Anthropic işçilərinin kağız üzərində yaranmış sərvətlərinin bir hissəsini gözləmədən real qazanca çevirə bilməsinin yolunu açdı.
SAN-FRANSİSKODA MƏNZİL QİYMƏTLƏRİ DAHA DA ARTA BİLƏR
Anthropic-in ilkin açıq təklifi nəticəsində yaranan milyonçular ordusunun təsirinin yalnız texnologiya sektoru ilə məhdudlaşmaya biləcəyi qiymətləndirilir. Şirkət əməkdaşlarının mühüm hissəsinin cəmləşdiyi San-Fransiskoda yeni sərvət dalğasının mənzil bazarına da təsir göstərəcəyi gözlənilir.
Əməkdaşları Texas, Kaliforniya və Florida kimi fərqli ştatlara səpələnmiş SpaceX-dən fərqli olaraq, Anthropic-in San-Fransiskoda cəmləşməsi bölgədəki mümkün iqtisadi təsirin daha qabarıq ola biləcəyinə işarə edir.
Daşınmaz əmlak platforması Redfin-in məlumatlarına görə, San-Fransiskoda orta mənzilin satış qiyməti 2026-cı ilin oktyabrında ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 19 faiz artaraq 1,7 milyon dollara yüksəldi.
Milli Əmlakçılar Assosiasiyasının məlumatlarına görə, eyni dövrdə ABŞ üzrə median mənzil qiyməti 416 min 700 dollar səviyyəsində qaldı və demək olar ki, dəyişmədi.
Texnologiya sektorunda yaranan ani sərvət artımlarının mənzil tələbini və qiymətləri daha da yuxarı qaldıra biləcəyi bildirilərkən, Anthropic-in ilkin açıq təklifinin San-Fransisko iqtisadiyyatına təsirləri də yaxından izləniləcək.