Sosial media platformalarına yönəlik sərt addımlara bir yenisi də əlavə olundu. Ürdünün ardınca İraq rəhbərliyi də Telegram-a girişə məhdudiyyət qoyulduğunu elan etdi.
Ardıcıllıqla Ürdün və İraq rəhbərlikləri milli təhlükəsizlik əsasları ilə sosial media və mesajlaşma tətbiqi olan Telegram-a girişi bloklamaq qərarı verdi.
İraqdan Telegram-a giriş məhdudiyyəti
Ürdün İctimai Təhlükəsizlik İdarəsi qərarın ifratçılığın və radikallaşmanın yayılması cəhdlərinə qarşı qorunma məqsədilə qəbul edildiyini bildirdi. Giriş məhdudiyyəti qərarı Ürdünün cənubunda kilsəyə edilən ölümlü hücumdan üç həftə və paytaxtda bir təhlükəsizlik əməkdaşının bıçaqlanaraq öldürülməsindən təxminən iki həftə sonra gəldi. Ürdündəki hər iki hücumu üzərinə götürən qrup olmadı.
İraq şirkətə 30 gün vaxt verdi
İraq Media və Rabitə Komissiyası tətbiq olunan məhdudiyyətin Telegram-ı İraqdakı məzmunları araşdırmağa və pozuntuların qarşısını alacaq tədbirlər görməyə məcbur etməyi hədəflədiyini açıqladı. Yazılı açıqlamada operator şirkətin platformada yayımlanan uyğunsuz məzmunların qarşısını almaq üçün lazım olan addımları atmadığı və İraq qanunlarına əməl etmədiyi qeyd olundu. Komissiya Telegram-a qaydalara uyğunlaşması üçün 30 gün vaxt verdi, lakin bu müddətdən sonra hansı addımların atılacağını bildirmədi.
İraq 2023-cü ildə də milli təhlükəsizlik narahatlıqlarını və istifadəçilərin şəxsi məlumatlarının qorunmasını əsas gətirərək platformanı bloklamışdı. Şirkətin təhlükəsizlik orqanlarının tələblərini yerinə yetirməsindən sonra giriş məhdudiyyəti bir həftə sonra götürülmüşdü.
Telegram, Reuters-in hər iki ölkədəki bloklama qərarlarına dair suallarına dərhal cavab vermədi. Şirkətin qurucusu Pavel Durov ittihamları rədd edərək Telegram-ın məzmun nəzarəti və cinayətkarlıqla mübarizə sahəsində səlahiyyətlilərlə əməkdaşlıq öhdəliklərini artıqlaması ilə yerinə yetirdiyini müdafiə edir.