İllərdir dünyanın ən böyük riyaziyyatçılarının həll etməyə çalışdığı bir problem, bu dəfə süni intellektin köməyi ilə gündəmə gəldi. ABŞ mərkəzli süni intellekt şirkəti Anthropic-də çalışan riyaziyyatçı Levent Alpoge, Claude ilə birlikdə 167 illik Riemann Hipotezini həll etdiyini iddia etdi. Lakin riyaziyyat dünyası tarixə düşə biləcək bu iddianı hələ təsdiqləməyib.
Alpoge, cümə günü internet saytında yayımladığı dörd səhifəlik açıqlamada, alman riyaziyyatçı Bernhard Riemann tərəfindən 1859-cu ildə irəli sürülən hipotezin sübutunu tapdığına inandığını elan etdi. Tədqiqatçı, işində Claude süni intellekt modelinin həlledici rol oynadığını bildirərək, həll prosesində modelin zaman-zaman öz riyazi qavrayışından da kənara çıxdığını söylədi.
Alpoge, Claude-un töhfəsindən danışarkən, "Finiş xəttinə yaxınlaşdığımız zaman Claude məni çox geridə qoydu" ifadələrini işlətdi.
167 İLLİK PROBLEM NƏYƏ BU QƏDƏR VACİBDİR?
Riemann Hipotezi, riyaziyyatın ən əsas mövzularından biri olan sadə ədədlərin paylanması ilə bağlıdır. Yalnız özünə və 1-ə bölünən sadə ədədlərin hansı qanunauyğunluğa tabe olduğunu anlamağa yönəlmiş bu problem, 1859-cu ildən bəri riyaziyyatçıların həll edə bilmədiyi ən mühüm suallardan biri olmaqda davam edir.
Hipotezin sübut olunması ədədlərin altında yatan əsas qanunauyğunluqların daha yaxşı başa düşülməsinə imkan verə bilər. Bununla yanaşı, kompüter elmi, kriptoqrafiya və nəzəri fizika kimi sahələrdə də mühüm nəticələr doğura bilər.
Problem, ABŞ mərkəzli Clay Riyaziyyat İnstitutu tərəfindən müəyyən edilən və hər biri uğurlu həll üçün 1 milyon dollar mükafat daşıyan yeddi Minillik Problemi arasında yer alır. Buna görə də iddianın təsdiqlənməsi yalnız riyaziyyat dünyasında deyil, texnologiya və elm çevrələrində də böyük əks-səda doğura biləcək bir inkişaf deməkdir.
SÜBUT KOMPÜTERLƏR TƏRƏFİNDƏN YOXLANILIR
Alpoge, yalnız Riemann Hipotezini deyil, problemin daha geniş əhatəli versiyasını da həll etdiyini iddia etdi. Riyazi arqumentini sübutların düzgünlüyünü yoxlamaq və məntiqi səhvləri aşkar etmək məqsədilə hazırlanmış Lean adlı proqramlaşdırma dilində yayımladı.
Massaçusets Texnologiya İnstitutunun (MIT) riyaziyyatçısı Andrew Sutherland, təqdim olunan kodun bir-birindən asılı olmayan müxtəlif kompüter təsdiqləmə yoxlamalarından keçdiyini bildirdi. Lakin Sutherland-ın sözlərinə görə, əlavə yoxlamalar da davam edir.
Buna baxmayaraq, iddia hələ riyaziyyat çevrələrində geniş qəbul görməyib. Ona görə də 167 illik problemin həqiqətən həll edildiyini söyləmək üçün elm dünyasının qiymətləndirməsi və təsdiqləmə prosesinin tamamlanması lazımdır.
Süni intellektin riyaziyyatdakı rolu baxımından diqqətçəkən bu inkişaf, Claude-un yalnız sualları cavablandıran bir vasitə olmaqdan kənara çıxaraq son dərəcə mürəkkəb bir elmi işdə tədqiqatçıya töhfə verə bildiyini göstərir. Lakin 167 illik tapmacanın tarixə qarışıb-qarışmadığı, aparılacaq müstəqil araşdırmalardan sonra bəlli olacaq.